Çörək

Biz çörəyi həmişə üstün tutmuşuq. Adətən, evimizdə süfrə açarkən əvvəlcə çörəklə duzu süfrəyə qoyuruq. Un və sudan hazırlanan çörək həmişə müqəddəs sayılıb. O, insanın gündəlik tələbatı olan ərzaq məhsuludur.

Mən bu gün sizə Hindistanın milli çörəkləri haqqında məlumat vermək istəyirəm.

Burada, əsasən, buğda, arpa, darı, düyü unundan çörəklər: “çapati”, “puri”, “roti”, “dosa” adlanan çörəklər hazırlanır.

Müxtəlif forma və dadları olan, kətəyə və kiçik lavaşa bənzər çörəklər çox tez hazırlanır. “Paratha” və “çapati” ən çox istifadə оlunаn çörək növləridir. “Çapati” çox nazik mayasız çörək olub acı “kari” sousu ilə yeyilir. Bu çörək növü sini və ya tavada bişirilir.

“Çapati” bol yağda qızardıldıqda “puri” çörək növü alınır. “Roti” adlanan çörək isə tavada bişirilir. “Paratha” yağda qızardılan, içi ədviyyatla doldurulan nazik çörək, “Pappadum” yaşıl mərci unundan bişirilən yuxaya bənzər çörəkdir.

“Naan” çörəyi isə, əsasən, Şimali Hindistandа “tandoor”larda bişirilir. “Tandoor” içi kömürlə dolu, divarları palçıqla suvanmış sadə təndirdir.

Azərbaycanda olduğu kimi, Hindistanda da təndirlərdə çörəkdən əlavə, toyuq və quzu parçaları bişirirlər.

Göründüyü kimi, bütün xalqlarda olduğu kimi Hindistanın süfrəsində də müxtəlif çörək növlərindən istifadə olunur.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. Mətn Azərbaycanda hazırlanan milli çörəklər haqqındadır.

doğru yanlış

2. Hindistanda çörəklər müxtəlif formada hazırlanır.

doğru yanlış

3. Hindistanlılar ən çox “puri” və “çapati” çörək növlərindən istifadə edirlər.

doğru yanlış

4. “Roti” çörək növünü hazırlamaq üçün təndirdən istifadə edirlər.

doğru yanlış

5. Həm Azərbaycan həm də Hindistanda təndirdə çörək, toyuq və quzu bişirirlər.

doğru yanlış



← Əsgərə məktub       Hacı Zeynalabdin Tağıyev →