Əsgərə məktub

Salam, əsgər!

Mənim adım Yusifdir. Mən 5-ci sinifdə oxuyuram. Biz bir-birimizi tanımırıq. Amma mən sənə öz təşəkkürümü, sevgimi bildirmək istəyirəm. Sən çətinliklərə baxmadan torpağımızı, vətənimizi, bizi qoruyursan.

Əzizim əsgər! Müharibə haqqında yalnız kitablarda oxumuş, filmlərdə görmüşəm. Mən heç vaxt bombaların partlayış səsini eşitməmiş, aclıq və soyuq hiss etməmiş, yandırılmış şəhər və kəndlərin külünü görməmişəm. Bütün bunlar sənin cəsurluğuna və mərdliyinə, Vətənə olan sərhədsiz sevginə görədir.

Sənə demək istəyirəm ki, müharibəsiz həyat — səhərin xoşbəxt açılması, məktəbdə sinif yoldaşlarımın gülüşü, doğulduğum məkanda sərbəst gəzə bilməyimdir. Müharibəsiz həyat — məktəbdən evə salamat qayıtmağım, bugünkü kimi sabahın da xoşbəxt açılacağını bilərək yaşamağımdır. Müharibəsiz həyat – Günəşin hər səhər yenidən doğacağını, insanların hər gün üçün sevinəcəyini bilməkdir.

Müharibəsiz həyat gözəldir. Biz onu qorumalıyıq. Buna görə biz bir-birimizə qarşı mehriban, qayğıkeş olmalıyıq. Sizin zəhmətinizi, əziyyətinizi unutmamalıyıq.

Səninlə fəxr edirəm.

Səni çox sevən Yusif.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən sualları cavablandırın.

1. Yusif neçənci sinifdə oxuyur?

Birinci
Üçüncü
Beşinci

2. Yusif məktubu kimə yazır?

Əsgərə
Dostuna
Müəlliminə

3. Yusif müharibə haqqında necə məlumat əldə edib?

Oxuduğu kitablardan
Eşitdiyi partlayış səslərindən
Gördüyü yandırılmış şəhər və kəndlərdən

4. Yusif üçün müharibəsiz həyat nədir?

Məktəbdən evə gec qayıtmaq
Açılan xoşbəxt səhərlər
Sinif yoldaşları ilə gəzmək

5. Yusifə görə müharibəsiz həyatı necə qorumaq olar?

Zəhmət çəkməklə
Sərbəst gəzə bilməklə
Bir-birimizin qayğısına qalmaqla




       Çörək →