Dinlər

Qədim türklər tanrıçılıq dininə etiqad edirdilər. Onlar hər şeyin Göy Tanrının əlində olduğuna inanırdılar. Fəlakət baş verəndə onun qarşısını almaq üçün Göy Tanrıya qurban verirdilər. Tanrıçılıqda insanların yaşadığı dünya ilə yanaşı, göy və yeraltı dünyaların da olduğuna inam vardı. Başqa dinlər tərəfindən sıxışdırılıb aradan çıxarılsa da, tanrıçılığın bəzi əlamətləri dövrümüzə qədər gəlib çatmışdır. Gedənin arxasınca su atmaq, əlləri göyə açıb dua etmək tanrıçılıq adətlərinin izləridir.

Qədim dövrlərdə Azərbaycanda atəşpərəstlik dini də yayılmışdı. Günümüzədək gəlib çatan odla bağlı bəzi adətlər göstərir ki, qədim dövrdə Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olmuşdur.

Müasir dövrdə Azərbaycan əhalisi islam, xristian və yəhudi dinlərinə etiqad edir. Bu dinlərin hər birinin özünəməxsus ibadət və mərasimləri var. Bəzi mərasimlər isə müəyyən fərqlərlə hər üç dində yerinə yetirilir. Məsələn, oruc tutmaqla bağlı ibadət islam, xristian və yəhudi dinlərində müxtəlif şəkildə icra olunur.

Müsəlmanlar Ramazan ayında oruc tuturlar. Ramazan hicri təqvimindəki aylardan birinin adıdır. Ramazanda oruc tutan insanlar səhər yeməyini hələ hava işıqlanmamış yeyir, sonra gün batıb hava qaralana kimi yeməkdən və sudan imtina edirlər. Ramazan ayında səhər yeməyi sahur, axşam yeməyi isə iftar adlanır. Həm sahur, həm də iftar zamanı Allaha dualar oxunur. Bir ay ərzində hər günün öz duası olur.

Mənbə: “Həyat bilgisi” dərsliyi, 6-cı sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. Tanrıçılıq dininin bir sıra əlamətləri hələ də mövcuddur.

doğru yanlış

2. Atəşpərəstlik dini Azərbaycanda geniş yayılmamışdır.

doğru yanlış

3. Hal-hazırda Azərbaycanda insanlar üç əsas dinə etiqad edirlər.

doğru yanlış

4. Oruc tutmaq ancaq islam və yəhudi dinlərində var.

doğru yanlış

5. Ramazan ayında müsəlmanlar gün ərzində iki dəfə yemək yeyirlər.

doğru yanlış



← Ceyms Kukr       Emosiyalar →