azrus.info > Тесты > Чтение > Emosiyalar

Emosiyalar

Gündəlik həyatımızda rast gəldiyimiz hər bir amil həyat tərzimizə öz təsirini göstərir. Qəzetdən, radiodan, televiziyadan, eləcə də digər informasiya mənbələrindən alınan məlumatlar insanda həm mənfi, həm də müsbət emosiyalar yaradır. Həyatımızı bunlarsız təsəvvür etmək mümkün deyil. Hər bir emosiyanın həyatımızda özünəməxsus yeri vardır.

İnsan həyatında emosiyaların rolu çox vacibdir. İnsanın davranış və fəaliyyətini tənzimləyən emosiyaları müsbət və mənfi olmaqla qruplaşdırırlar. Onlar insanın digər insanları və ətraf aləmi öz davranışını və davranışının nəticələrini qavraması şəklində təzahür edir. Məhz emosiyalar sayəsində insanlar başqaları ilə daha yaxşı dil tapır, ünsiyyət qurur, əməkdaşlıq edirlər.

Ümumiyyətlə, emosional vəziyyətlər insanın davranış və düşüncələrini tənzimləyir, insanın özünü dərk etməsinə imkan verir: “Mən nəyi sevirəm və nəyə nifrət edirəm?”, “Müəyyən hadisələrə və təzahürlərə necə münasibət bəsləyirəm?”,“Mənim üçün nə əzizdir və nədən imtina etmək mənim üçün asandır?” kimi suallarla özümüzlə emosiyaların və hisslərin dilində danışır, hansı istiqamətdə hərəkət edəcəyimizə qərar veririk.

Mənfi emosiyalar da həyatımızın ayrılmaz hissəsidir. Onlar insanı aktual problemləri həll etməyə, onu qane etməyən nəyi isə dəyişdirməyə sövq edir. Məsələn, qorxu emosiyası həyatın və təhlükəsizliyin qorunması üçün vacibdir; təqsir hissi əməkdaşlığa, qəzəb hissi ədalət axtarışına sövq edir. Çox vaxt mənfi duyğular insana vacib məlumatları çatdırır və buna görə də bəzən faydalılıq baxımından müsbət emosiyaları üstələyir. Deməli, insan üçün həm müsbət, həm də mənfi emosiyalar vacibdir.

Mənbə: “Həyat bilgisi” dərsliyi, 7-ci sinif

Mətnə əsasən sualları cavablandırın.

1. İnsanların gün ərzində aldığı məlumatlar onlarda hansı hissləri oyadır?

Mənfi
Müsbət
Mənfi və müsbət

2. Emosiyalar insanlara hansı məsələlərdə kömək edir?

Məlumat axtarmaqda
Ünsiyyət qurmaqda
İşləməkdə

3. Mənfi hisslər bizə necə kömək edə bilər?

Problemləri həll etməkdə
Dəyişiklikdən qaçmaqda
Başqalarını qane etməkdə

4. Təqsir hissinin hansı faydası var?

Həyatı qorumaq
Əməkdaşlığa cəlb etmək
Ədalət tələb etmək

5. Hisslər haqqında hansı fikir doğrudur?

Müsbət hisslər istənilən halda mənfi hislərdən daha faydalıdır.
Bəzən mənfi hisslər daha faydalı ola bilir.
İnsan üçün mənfi hisslər daha önəmlidir.




← Dinlər       Torpaq →