Heydər Əliyev Mərkəzi
Bakı şəhərinin simvolu hesab edilən Heydər Əliyev Mərkəzi Heydər Əliyev prospektində yerləşən araşdırma və beynəlxalq dialoq mərkəzidir. Mərkəzin layihəsi 2007-ci ildə ərəb memarı Zaha Hadid tərəfindən işlənmişdir.
Kompleksin ərazisi 15,93 hektardır. Bina dalğavari quruluşa malikdir. Mərkəzin ağ rəngdə olması parlaq gələcəyin simvoludur. Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə Zaha Hadid “İlin dizaynı – 2014” mükafatını almışdır.
Mərkəzin birinci mərtəbəsində “Azərbaycan inciləri” adlı sərgi fəaliyyət göstərir. Sərgidə Azərbaycanın
bütün dövrlərinin tarixi və mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilir. Burada Qobustan dövlət tarixi-bədii qoruğundan aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil və keramika nümunələri, Tövrat, İncil və Quranın qədim əlyazmalarını görmək
mümkündür. Sərgidə Azərbaycana məxsus milli geyim nümunələri, xalçaları və qədim musiqi alətləri vardır.
İkinci mərtəbədə yerləşən “Mini Azərbaycan” sərgisində Bakıda və Azərbaycanın digər bölgələrində yerləşən, tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. Sərgilənən binalar arasında Qız qalası, Möminə xatun türbəsi, Bakı vağzalı, Azərbaycan Dövlət Filarmoniyası, İsmailiyyə sarayı, Hökumət evi, Yaşıl teatr, Bakı Kristal Zalı, Alov qüllələri, Bakı Olimpiya stadionu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun maketi vardır.