00:00

Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisidir. Uşaqlığı “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərində keçən bəstəkarın musiqi istedadının inkişafında mühitin rolu böyük olmuşdur. O, uşaqlıqdan musiqi ilə maraqlanmış, tar və kamança çalmış və muğamatla məşğul olmuşdur. O, Füzulinin eyniadlı poeması əsasında yazdığı və 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. Daha sonra bəstəkar ardıcıl şəkildə “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazmışdır. Şərqdə ilk operetta da Üzeyir Hacıbəyov tərəfindən bəstələnmişdir. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqi komediyaları bəstəkarın məşhurlaşmasında böyük rol oynamışdır. “Arşın mal alan” musiqili komediyası 40-dan artıq dilə tərcümə olunmuş, dünya teatrlarında səhnəyə qoyulmuş və ekranlaşdırılmışdır. Üzeyir Hacibəyovun yaradıcılığının zirvəsini “Koroğlu" operası təşkil edir. 1937-ci ildə tamaşaya qoyulan bu opera xalq qəhrəmanlıq dastanın motivləri əsasında yazılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin və müasir Azərbaycan dövlət himninin musiqisi Üzeyir bəyə məxsusudur. Bəstəkarın Nizami Gəncəvinin qəzəllərinə yazılmış “Sənsiz” və “Sevgili canan” romansları Müslüm Maqomayevin ifasında Azərbaycan musiqisinin incilərindən hesab olunur. Onun Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdın, Qara dəniz” mahnısı Azərbaycan və Türkiyədə məşhurdur.

"Çırpınırdın, Qara dəniz" mahnısı Azərinin ifasında:

Dahi bəstəkar haqqında bir neçə film çəkilmişdir. Bakının mərkəzi küçələrindən biri onun adını daşımaqdadır. Onun doğum günü - 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Bakı Musiqi Akademiyasının qarşısında bəstəkarın heykəli qoyulub.

Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyası


"Koroğlu" operasından uvertura


Lüğət:
  • Bəstəkar - композитор
  • Mühit - окружение
  • Tərcümə - перевод
  • Yaradıcılıq - действие
  • Təşkil etmək - организовывать
  • Film çəkmək - снимать фильм

← Azərbaycan muğamı       Xarıbülbül →




Все комментарии: