Xarıbülbül

Xarıbülbül Azərbaycanın Qarabağ regionuna məxsus gül növüdür. Bu gülü bəzən Qarabağın simvolu da adlandırırlar. Bu gül yalnız Qarabağda, xüsusilə də Şuşada Cıdır düzündə bitir. Gülün “xarıbülbül” adlandırılmasının səbəbi onun üzərinə qonmuş bülbülü xatırlatmasıdır. “Xar” sözü isə “tikan” deməkdir. Xarıbülbülün digər adı Qafqaz qaş Səhləbidir.

Xarıbülbül
Xarıbülbül

Bu möcüzəvi gül ilə bağlı bir çox rəvayət və əfsanələr var. Rəvayətlərdən birininə görə bülbül sevgilisi gül ilə görüşə getdiyi zaman qəfildən bərk külək əsməyə başlayır. Gücü ilə bütün ağacları əyən külək zərif gülün qarşısında əyilmədiyini görərək təəccüblənir və güldən “Sən hansı cəsarətlə mənə baş əymirsən? Sənə belə güc verən nədir?” -deyə soruşur. Gül sevgilisi bülbülün məhəbbətindən güc aldığını deyir. Hiddətlənən külək daha da güclü əsməyə başlayır. Elə o zaman bülbül yetişərək əyilən sevgilisinin qəmatini dikəltməyə çalışır. Bu vaxt gülün xarı (tikanı) bülbülün sinəsinə sancılır. Bülbül məhv olsa da, gülü əyilməyə qoymur. O vaxtandan bülbül görkəmində çiçəklər açan xarıbülbül yaranır.

Xan Şuşinski
Görkəmli xanəndə Xan Şuşinskinin xarıbülbül sevgisi

Digər bir rəvayətə görə isə Qarabağ xanı qızı Ağabəyim Ağanı İran şahı Fətəli şaha ərə verir. Şah Vətən həsrəti çəkən arvadı üçün bağ saldırır. Bağda Qarabağda bitən bütün güllər və ağaclar əkilir. Amma nə qədər çalışsalar da, xarıbülbülü bu bağda yetişdirə bilmirlər. Elə hamin vaxtdan dillər əzbəri olan aşağıdakı mahnı yaranır:

Vətən bağı al-əlvandır,
Yox üstündə xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin, barı bülbül.

Təəssüf ki, xarıbülbülün vətəni Qafqazın mədəniyyət mərkəzi Şuşa şəhəri 1992-ci il 8 may tarixində erməni separatçıları tərəfindən işğal olunur. 28 il əsirlikdə qalan Şuşa şəhəri 2020-ci il 8 noyabr tarixində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilir və xarıbülbül yenidən azadlığına qovuşur.

Qeyd etdiyimiz kimi Şuşanın simvolu hesab edilən xarıbülbül Qarabağda o qədər şöhrət qazanıb ki, onun şəninə konsertlər, festivallar keçirilib. 1989-cu ildən bəri məşhur xanəndə Xan Şuşinskinin 100 illik yubileyi ilə əlaqədər Şuşada "Xarıbülbül" beynəlxalq festivalı keçirilməyə başlayıb. İşğal altından azad olunan Şuşa prezident tərəfindən ölkənin mədəniyyət paytaxtı elan edilib. 32 illik fasilədən sonra 2021-ci il 12-13 may tarixlərində Şuşada Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı yenidən keçirilib.

Bayatı-şiraz
"Xarıbülbül" musiqi festivalı, Şuşa, 2021


Saxavət Məmmədov - "Xarıbülbül" mahnısı


Lüğət:
  • Bitmək - расти
  • Xatırlatmaq - напомнить
  • Tikan - шип
  • Möcüzəvi - волшебный
  • Əyilmək - гнуть
  • Güc - сила
  • Qamət - тело
  • Sancılmaq - колоть
  • Həsrət - страстное желание
  • İşğal olunmaq - быть оккупирован
  • Azad olunmaq - быть освобожден

← Üzeyir Hacıbəyov       Şəki Xan Sarayı →




Все комментарии: