00:00 | |||
Plov və yaxud aş Azərbaycanda yeməklərin şahı hesab olunur. Azərbaycan mətbəxində plovun 200-ə yaxın növü vardır. Keçmişdə plov varlıların evində hər gün, kasıbların evində isə ancaq bayramlarda yeyilən təam olmuşdur. Azərbaycana səfər etmiş səyyahlar, qonaqlar səfərləri haqqında məlumat verərkən mütləq şəkildə plov haqqında fikirlərini bölüşmüşlər. Əvvəllər plov əllə yeyilsə də, artıq bir çox adət kimi bu adət də zamanla unudulmuşdur.
Plovun hazırlanmasında adətən artımlı və yaxşı dəm alan düyü növlərindən istifadə olunur. Yağ plovun hazırlanmasında xüsusi önəmə malikdir. “Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar” məsəli də bu fikri təsdiqləyir. Plovun hazırlanmasında digər önəmli məsələlərdən biri qazmaqdır. Tərkibindən, hazırlanma üsulundan asılı olaraq plovun üç əsas növü vardır: daşma plov, süzmə plov və döşəmə plov. Daşma plovun bir növü südlə su qarışığında bişirilən südlü plovdur. Südlü plova kişmiş, ərik, xurma kimi quru meyvələr qatılır.
Azərbaycanda ən geniş yayılmış plov növü süzmə plovdur. Bu plov dəmə qoyularaq bişirilir və üzərinə zəfəran və ya sarıkök suyu vurulur. Bu növ plov süfrəyə aşqara ilə birlikdə təqdim edilir. Aşqara yağlı qoyun əti, şabalıd, ərik qurusu, albuxara və yağ-soğan ilə birgə qovrularaq hazırlanır və plovun üzərinə qoyulur. Plovun üzərinə qoyulan aşqaradan asılı olaraq süzmə plovun 50-yə yaxın növü vardır: qovurma-plov, şüyüd-plov, səbzi-qovurma plov, fisincan-plov və s. Plov yağlı yemək hesab olunduğundan əlavə olaraq yanında duzlu xiyar, badımcan və s. verilir. Yağın parçalanıb həzm edilməsi üçün plovdan sonra ayran içilir.
Azərbaycan toylarında süfrəyə, əsasən, ən məşhur plov növlərindən olan şah plov verilir. Plovun üstü şah tacına bənzədiyi, şahlara layiq olduğu üçün belə adlanır. Bu plov növü bütövlükdə yuxanın arasında bişirilir. O, toyuq, ət və tərəvəzlə bişirilə bilər. Şah plov turistlərin ən çox üstünlük verdiyi milli yeməklər siyahısındadır.
- Varlı - богатый
- Kasıb - бедный
- Səfər etmək - путешествовать
- Səyyah - путешественник
- Quru meyvə - сухофрукт
- Kişmiş - изюм
- Qovurmaq - жарить
- Həzm etmək - переваривать
← Molla Nəsrəddin | Araxçın → |
Все комментарии: