Şəki Xan Sarayı

Azərbaycanın Şəki şəhərində yerləşən XVIII əsrin memarlıq abidəsi - Şəki Xan Sarayı Şəki xanlarının yay sarayı olmuşdur. Binanın kimin dövründə tikilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Bir sıra mənbələrə əsasən bina Məhəmmədhüseyn xan tərəfindən tikilmişdir. Qeyd etmək lazımdır ki, Məhəmmədhüseyn xan şair kimi də fəaliyyət göstərmiş və “Müştaq” təxəllüsü ilə şeirlər yazmışdır. Bu səbəbdən saray bəzi mənbələrdə “Müştaq imarəti” kimi qeyd olunmuşdur. Digər mənbələrdə isə binanın Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xanın dövründə tikildiyi göstərilir. Bina əvvəllər divanxana, Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra isə şəhər məhkəməsi kimi fəaliyyət göstərmişdir.

Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Bu sarayı xalq arasında “Zalım Xan Sarayı” da adlandırırlar. Rəvayətə görə Şəki xanı sarayı tikdirdikdən sonra memardan bundan daha yaxşı saray tikə bilib-bilməyəcəyini soruşur. Memar isə cavabında “əgər daha çox pul versələr, bundan möhtəşəmini tikərəm” deyir. Bundan qəzəblənən xan memarı edam etdirir. Digər bir versiyaya görə isə əllərini kəsdirir.

İkimərtəbəli xan sarayı qala divarları ilə əhatə olunmuşdur. Burada altı otaq, dörd dəhliz və iki güzgülü eyvan var. Binanı fərqləndirən əsas cəhəti fasadındakı şəbəkə pəncərə və qapılardır. Şəbəkələr çox kiçik həndəsi fiqurlardan ibarətdir. Müxtəlif rəngli şüşələr şəbəkənin formalaşdıran ağac parçalarının arasına geydirilmişdir. Bina ilə bağlı ən maraqlı fakt budur ki, onun tikintisində mismar və yapışqandan istifadə edilməmişdir. Binanın daxili həndəsi və nəbati naxışlar, quş şəkilləri, sujetli rəsmlər – döyüş və ov səhnələri ilə bəzədilmişdir. Binanı bəzəyən rəsmlər arasında Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarıdan səhnələr yer almışdır. Binanın tavanı da naxışlarla bəzədilmişdir. Divar rəsmləri XVIII əsrə aid olmasına baxmayaraq dəfələrlə bərpa edilmişdir. Binanın qarşısını yüzillik xan çinarları bəzəyir. Hal-hazırda muzey kimi fəaliyyət göstərən Şəki Xan Sarayı Azərbaycan səyahət edən turistlərin ən çox baş çəkdikləri məkanlardan biridir.

Şəbəkələr
Şəbəkəli pəncərələr
Şəki Xan Sarayı


Lüğət:
  • Saray - дворец
  • Qeyd olunmaq - упоминаться
  • Məhkəmə - суд
  • Zalım - злой
  • Memar - архитектор
  • Edam etmək - казнить
  • Şüşə - стекло
  • Mismar - гвоздь
  • Bərpa etmək - восстанавливать
  • Aid olmaq - принадлежать

← Xarıbülbül       Novrus bayramı →




Все комментарии: