Novruz bayramı

Novruz Azərbaycan xalqının əsrlər boyu qeyd etdiyi qədim bayramıdır. Novruz bayramı yaz fəslinin gəlişini simvolizə edir. Bu bayramın Zərdüştlük dini ilə bağlı olduğu güman edilir. Novruz “yeni gün” deməkdir. Bu bayram təkcə Azərbaycanda deyil, bir sıra Şərq ölkələrində təmtəraqla qeyd edilir. Bayram gecə ilə gündüzün bərabərləşdiyi gün, yəni martın 21-də qeyd olunur. Bayrama qədər dörd çərşənbə qeyd olunur. Çərşənbələr dörd əsas ünsürün – su, od, yel və torpaq – adları ilə bağlıdır.

İnsanlar bayrama bir ay əvvəldən hazırlaşmağa başlayır. Qadınlar yeni ili qarşılamaq üçün bahar təmizliyi edir. Evlərdə səməni cücərdilir. Səməni Novruzun əsas simvollarından biri olub təbiətin canlanmasını ifadə edir. Novruz şirniyyatları – şəkərbura, paxlava, qoğal və digərləri bişirilir. Hər çərşənbə evlərdə Novruz xonçası qurulur. Xonçaya quru meyvələr, çərəzlər, rəngli yumurtalar, şirniyyatlar və səməni qoyulur. Xonçanın ətrafında şamlar yandırılır.

Novruz xonçası
Novruz xonçası

Novruz bayramı ilə bağlı bir çox maraqlı adət-ənənələr var. Çərşənbələr və bayramda tonqal qalanır. İnsanlar tonqalın üzərində atlanaraq keçən ilin problemlərini odda yandırırlar. Uşaqlar rəngli yumurtalar döyüşdürürlər. “Papaq atdı” Novruzun qədim adətlərindəndir. Əsasən uşaqlar və gənclər bayram sovqatı almaq üçün qapıya papaqlarını qoyur, qapını döyür və qaçıb gizlənirlər. Ev sahibi papağa Novruz xonçasından nemətlər qoyaraq onu geri qaytarır. Digər maraqlı bir adət isə “qulaq falı”dır. Qulaq falına çıxan kəs ürəyində arzu tutub hər hansı bir evdə danışılanlara gizlincə qulaq asır. Əgər evdən xoş söz eşidirsə, deməli, həmin kəsin arzusu tezliklə yerinə yetəcək. Novruzda küsülülər barışır, insanlar bir-birinin evinə qonaq gedir.

Kosa və Keçəl Novruzun əsas personajlarıdır. Kosa qışı, Keçəl isə yazı təmsil edir. Xalq arasında məşhur olan Kosa-kosa tamaşasında Kosa ilə Keçəlin məzəli söhbətləri yer alır.

Kosa və Keçəl
Kosa və Keçəl

Novruz bir çox ölkələrdə qeyd edilən bayram olduğu üçün 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəmi İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu il BMT mart ayının 21-ni “Beynəlxalq Novruz Günü” kimi elan edib.

Aygün Kazımova - Novruz gəlir, yaz gəlir


Lüğət:
  • Gəliş - приход
  • Təmtəraqla - щедро
  • Ünsür - элемент
  • Şirniyyat - сладости
  • Tonqal qalamaq - развести костёр
  • Gizlənmək - прятаться
  • Qeyd edilmək - праздновать
  • Şam - свеча
  • Sovqat - подарок
  • Məzəli - забавный

← Şəki Xan Sarayı              Azərbaycan Milli Xalça Muzeyi →




Все комментарии: