00:00 | |||
Nizami Gəncəvi XII əsrin görkəmli Azərbaycan şairidir. Əsl adı İlyas olan şair özünə “sözləri nizamlayan” mənasını verən Nizami təxəllüsünü seçmişdir. Dövrün tələbindən irəli gələrək əsərlərini fars dilində yazmışdır. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin əsərlərinin qəhrəmanları içində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizamini dünyada məşhur edən onun “Xəmsə”sidir. Xəmsə sözünün mənası “beşlik” deməkdir. Buraya şairin 5 poeması daxildir: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”. Şair poemlarını dövrün şahlarının sifarişləri ilə yazasa da, heç bir zaman saray şairi olmamışdır.
Şairin ilk poeması olan “Sirlər xəzinəsi” dini və elmi mövzulara həsr olunan mənzum hekayələrdən ibarətdir. İkinci poeması “Xosrov və Şirin” Sasani şahı II Xosrov Pərviz və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış əfsanə əsasında yazılmışdır. Şairin sayca üçüncü poeması olan “Leyli və Məcnun” iki gəncin nakam məhəbbəti haqqındadır. Dördüncü poeması “Yeddi gözəl” əfsanə əsasında yazılaraq yeddi gözəlin nəql etdiyi hekayələrdən ibarətdir. “İsgəndərnamə” şairin sonuncu poemasıdır və məşhur Makedoniya şahı İsgəndər haqqındadır.
Nizami Gəncəvinin Gəncə şəhərində möhtəşəm məqbərəsi ucaldılmışdır. Bundan əlavə Bakı şəhərindəki metrostansiyalardan biri şairin şərəfinə “Nizami” adlandırılmışdır. Stansiyanın daxili hissəsi şairin əsərlərindəki səhnələrin mozaik pannoları ilə bəzədilmişdir. Mozaikalarda qəhrəmanlar başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilmişlər. Qeyd etmək lazımdır ki, “Nizami” stansiyası dünyanın ən orijinal metrostansiyaları siyahısına daxil edilmişdir.
"Nizami" metrostansiyasının mozaikaları |
- Təxəllüs - псевдоним
- Nizamlamaq - регулировать
- İrqi - расовый
- Mübarizə aparmaq - бороться
- Sifariş - заказ
- Əfsanə - легенда
- Nakam - неудачный, несчастливый
- Nəql etmək - пересказать
- Məqbərə - гробница
← Kəlağayi | Molla Nəsrəddin → |
Все комментарии: