00:00

Kəlağayı

Kəlağayı Azərbaycanda qadınlara məxsus qədim baş örtüyüdür. O, əsasən, ipəkdən hazırlanır və dördkünc formada olur. Hələ qədim zamanlardan Təbriz, Şamaxı, Gəncə, Şəki kimi Azərbaycan şəhərlərində kəlağayı istehsalı həyata keçirilmişdir. Bu qədim baş örtüyü qadının şərəf və ismət rəmzi hesab olunmuşdur. Əgər qadın döyüşən kişilərin qarşısında baş örpəyini açıb atardısa, o zaman onlar döyüşü dayandırardılar. Digər bir xalq adətinə görə isə kəlağayısını sevdiyi oğlana bağışlayan qız əbədi ona sadiq qalacağına and içmiş hesab olunurdu.

Kəlağayılı Azərbaycan xanımları
Kəlağayılı Azərbaycan xanımları

Kəlağayı xalqın qədim adətlərinin ayrılmaz tərkib hissəsi olmaqla toy və yas mərasimlərində istifadə olunur. Kəlağayılar rəng və ölçü çeşidi ilə seçilir. Yaşlı və qoca qadınlar tünd rəngli kəlağayılardan istifadə edir və onu çalma kimi bağlayırlar. Gənc xanımlar isə ağ və əlvan rəngli kəlağayıdan örpək kimi istifadə edirlər.

Kəlağayının hazırlanması bir neçə mərhələdən ibarət olan uzun bir prosesdir. Onun hazırlanmasıında əsas məqamlardan biri yalnız təbii materiallardan istifadə olunmasıdır. Kəlağayı çox nazik ipək saplarla toxunur, həndəsi, nəbati və kosmoqonik naxışlarla bəzədilir. Bu naxışlar arasında “günəş”, “buta”, “xarıbülbül”, “aypara” kimi naxışlar daha məşhurdur. Kəlağayı naxışlandıqdan sonra təbii boyalarla rənglənir.

Müxtəlif naxışlarla bəzədilmiş kəlağayılar
Müxtəlif naxışlarla bəzədilmiş kəlağayılar

Hal-hazırda Azərbaycanda kəlağayı Şəki şəhəri və İsmayıllı rayonun Basqal qəsəbəsində istehsal olunur. Müasir dövrdə xanımlar kəlağayıdan, əsasən, şal kimi istifadə edirlər. Bu qədim baş örtüyünün ənənəvi istifadəsinə demək olar ki, ancaq yaşlı qadınlar və ucqar kənd əhalisi arasında rast gəlmək olar. Qeyd etmək lazımdır ki, kəlağayı UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilmişdir və Azərbaycana gələn xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.


Lüğət:
  • İpək - шёлк
  • İstehsal - производство
  • Sadiq - преданный
  • Şərəf - честь
  • And içmək - обещать
  • Təbii - натуральный
  • Çeşid - ассортимент
  • Naxış - орнамент
  • Ucqar - дистанционный

← Azərbaycan çay mədəniyyəti       Nizami Gəncəvi →




Все комментарии:
Ильхама
Спасибо за ваш труд!