00:00

Azərbaycan çay mədəniyyəti

Çay Azərbaycanda ən məşhur içki növü olmaqla xalqın mədəniyyətində önəmli yerə malikdir. O, hər bir azərbaycanlının həyatının ayrılmaz tərkib hissəsi olmaqla günün istənilən vaxtında içilir. Azərbaycanda istənilən bir evdə qonaq olsanız, sizə ilk növbədə qonaqpərvərlik əlaməti olaraq çay təqdim olunacaq. Çay, əsasən, qənd, müxtəlif növ mürəbbə, şirniyyat, çərəz və limon ilə birlikdə təqdim olunur. Çaya xoş dad və ətir qatmaq məqsədilə bəzən kəklikotu, qızılgül, darçın, qərənfil, mixək kimi ədviyyatlardan istifadə olunur. Çay armudu stəkanda təqdim olunur. Stəkanın adı onun forması ilə bağlıdır. Bu stəkanın aşağı və yuxarı hissələrinin geniş, ortasının isə getdikcə daralan formaya malik olması çayın içiləcək qisminin içməli, aşağı qisminin isə isti qalmasını təmin edir. Çayı dəmləyərkən əsas məqamlardan biri istifadə olunan qabla bağlıdır. Samovarda hazırlanan çay digərlərindən özünəməxsus dadı ilə fərqlənir.

Azərbaycan çay mədəniyyəti
Armudu stəkanda çay

Azərbaycanda çay hər bir mərasimdə və şənlikdə təqdim olunur. Təsadüfi deyil ki, çay xalqın ənənəsində elçilik zamanı süfrəyə gətirilən ilk təamdır. Oğlan və onun ailəsi qız istəməyə gedəndə çay mütləq təqdim edilir. Ailə başçısı verilən təklifə razılığını şirin çayın gətirilməsi ilə bildirir. Rədd cavabı vermək istəyəndə qənd və çay süfrəyə ayrı-ayrılıqda verilir.

Azərbaycanda çaya olan sevgi onunla bağlı bir sıra mahnı və şeirlər yazılmasına səbəb olmuşdur. Təkcə bu məzəli şeiri xatırlatmaq kifayətdir:

Çayın biri qaydadır,
İkinci cana faydadır
Üçüncü nəsdi,
Dördüncü bəsdi
Çatdı beşə,
Vur on beşə
Çay nədi, say nədi.


Lüğət:
  • Ayrılmaz - неотделимый
  • Qonaqpərvərlik - гостеприимность
  • Mürəbbə - варенье
  • Çərəz - орех
  • Kəklikotu - тимьян
  • Qızılgül - роза
  • Darçın - корица
  • Mixək - гвоздика
  • Ədviyyat - пряность
  • Dəmləmək - заваривать
  • Özünəməxsus - своеобразный
  • Ənənə - традиция

← Azərbaycan       Kəlağayı →




Все комментарии:

🤘🤘🤘