00:00

Azərbaycan

Azərbaycan Xəzər dənizinin sahilində yerləşən qədim türk dövlətidir. Bəzi mənbələrə əsasən Azərbaycan sözünün mənşəyi bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. “Azər” od, atəş deməkdir. Təsadüfi deyil ki, Azərbaycan dünyada “Odlar Yurdu” kimi tanınır. “Yanardağ”, “Atəşgah” kimi abidələr əbədi odu Azərbaycanın simvoluna çevirmişdir. Azərbaycanın paytaxtı Abşeron yarımadasında yerləşən Bakı şəhəridir. Bakı sözünün fars dilindən götürüldüyü ehtimal olunur və “küləklər şəhəri” mənasını daşıyır. Azərbaycanın Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi flora və faunası ilə fərqlənən bölgələri vardır.

Atəşgah
Atəşgah

Azərbaycan zəngin mədəniyyətə malik olan bir ölkədir. Xalqın istedad və qəhrəmanlığı “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi danstanlarda öz əksini tapıb. Azərbaycan Nizami Gəncəvi, Xəqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Yusif Məmmədəliyev kimi bir sıra tanınmış elm və ictimai xadimlərin vətənidir.

Kitabi-Dədə Qorqud
Kitabi-Dədə Qorqud

Azərbaycan həmçinin dünyada əsas sərvəti olan “qara qızıl”ı- nefti ilə tanınır. Xəzər dənizində yerləşən “Neft Daşları” dünyada ilk neft platformasıdır. Onu bəzən “Dünyanın səkkizinci möcüzəsi”, “Yeddi gəmi adası”, “Möcüzələr adası” da adlandırırlar. Neft Daşlarına Bakıdan kater və helikopterlə getmək olar. Yüksəklikdən şəhər böyük hörümçək toruna bənzəyir.

Neft Daşları
Neft Daşları

Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar. Dünyadakı palçıq vulkanlarının böyük bir qismi Azərbaycanda yerləşməkdədir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasındadır. Hal-hazırda vulkan palçığı bir sıra xəstəliklərin – əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.

Palçıq vulkanı
Palçıq vulkanı

Dünyanın ən hündür bayraqlarından biri Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. “Ginnes”in Dünya Rekordları Təşkilatı 2010-cu ildə Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Azərbaycanın üçrəngli bayrağı mavi, qırmızı və yaşıl zolaqlardan, mərkəzindəki aypara və səkkizguşəli ulduzdan ibarətdir. Mavi rəng türkçülüyü, qırmızı rəng demokratiyanı, yaşıl rəng isə İslam dininə mənsubluğu ifadə edir.

Dövlət Bayraq Meydanı
Dövlət Bayraq Meydanı


Lüğət:
  • Mənbə - источник
  • Mənşə - происхождение
  • Əksəriyyət - большинство
  • Yarımada - полуостров
  • Bölgə - регион
  • Dastan - эпос
  • Sərvət - богатство
  • Dirək - столб
  • Dalğalanmaq - развеваться
  • Aypara - полумесяц

       Azərbaycan çay mədəniyyəti →




Все комментарии:
KONUL ALIYEVA
Belə lazımlı və faydalı məlumatlar üçün təşəkkür edirəm.