Mətn 19. Qurbağaların yarışı

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri - "Boş yerə zəhmət çəkirsiniz. Onsuz da bu qalaya çıxa bilməyəcəksiniz" - deyə qışqırırdılar.

Və çox keçmədi ki, qurbağalar bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa. O, nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.

Sonra yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: - "Bu çətin işin öhdəsindən necə gəldin?" - deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki... Çünki qurbağa kar idi!



Lüğət:
  • qurbağa - лягушка
  • qala - башня
  • yarış - соревнование
  • dırmaşmaq - взобраться
  • boş yerə - напрасно
  • qışqırmaq - кричать
  • inadla - упорно
  • alqışlamaq - хлопать
  • nail olmaq - добиваться
  • öhdəsindən gəlmək - преодолевать
  • kar - глухой

Qurbağalar nə üçün yarışa çıxdılar?

Nə üçün qalaya dırmaşmaq çətin idi?

Qalib qurbağa niyə digər qurbağanın sualını cavablandırmadı?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "bağırmaq" sözünün SİNONİMİNİ tapın.

Hekayədə "enmək" sözünün ANTONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Hamı əmin idi ki, qurbağalar qalaya çıxa biləcəklər.
Heç bir qurbağa qalaya çıxa bilmədi.
Yalnız bir qurbağa qalib gəldi.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Qurbağalar hündür bir qalaya dırmaşmalı idilər.
Qalib qurbağa digər qurbağaya cavab verdi.
Qalib qurbağa eşidə bilmirdi.

"Nail olmaq" sözünün SİNONİMLƏRİ hansı cərgədə verilmişdir?

qazanmaq, itirmək, məğlub olmaq
əldə etmək, müvəffəq olmaq, qazanmaq
itirmək, əldə etmək, qalib gəlmək




← 18. Müdrik qoca