Mətn 18. Müdrik qoca

Keçmiş dövrlərdə bir qoca hər gün səhər tezdən padşahı salamlamaq üçün onun sarayına gedərmiş. Və hər gün də eyni sözü deyərmiş: "Hədəfinə çatana qədər səhər yuxudan tez qalx". Hökmdar isə bir az tənbəl olduğu üçün qocanın bu sözləri ilə heç vaxt razılaşmazdı. Çünki gecələr vaxtının çox hissəsini əyləncədə keçirdiyi üçün səhər tez qalxmaq ona ağır gələrmiş. Ancaq qocaya hörmət etdiyinə görə heç nə deyə bilmirmiş. Padşah qocaya səhər tez qalxmağın o qədər də faydalı olmadığını sübut etmək qərarına gəlir. Bunun üçün bir-iki adamına əmr edir ki, qoca səhər tezdən evindən çıxdığı zaman onu soysunlar. Bir səhər padşahın planladığı kimi evindən çıxan kimi iki nəfər yolunu kəsib hər şeyini alır. Qoca evinə qayıdıb başqa paltar geyinib, daha sonra həmişəki kimi padşahın hüzuruna çıxır.
Padşah soruşur:
— Bu gün niyə gecikdin?
Qoca cavab verir:
— Səhər evimdən çıxıb saraya gələrkən hər şeyimi oğurladılar. Mən də evə qayıdıb başqa paltar geyinmək məcburiyyətində qaldım.
Padşah:
— Gördünmü, səhər tezdən qalxdığın üçün başına bu iş gəldi.
Qoca gülümsəyərək deyir:
— Yanılırsınız. O oğrular məndən də tez qalxdıqları üçün məni soymağı bacardılar.



Lüğət:
  • müdrik - мудрый
  • padşah/hökmdar - падишах/правитель
  • saray - дворец
  • hədəf - цель
  • tənbəl - ленивый
  • əyləncə - веселье
  • əmr etmək - приказывать
  • soymaq - грабить
  • oğurlamaq - украсть
  • məcburiyyətində qalmaq - быть вынужденным
  • yanılmaq - ошибаться

Hökmdar nə üçün səhərlər yuxudan tez durmurdu?

Hökmdar nə üçün qocanı soymağı əmr edir?

Qoca nə üçün hökmdarın hüzuruna gec çıxır?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "sağollaşmaq" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "yubanmaq" sözünün SİNONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Hökmdar yuxudan erkən durmağı sevirdi.
Hökmdar qocanın məsləhəti ilə razılaşmırdı.
Hekayənin sonunda qoca hökmdar ilə razılaşdı.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Qoca hər səhər hökmdarı görmək üçün saraya gedirdi.
Hökmdar çox işlədiyi üçün səhərlər yuxudan gec dururdu.
Hökmdar qocaya dərs vermək qərarına gəldi.

"Soymaq" sözünün SİNONİMLƏRİ hansı cərgədədir?

oğurlamaq, bağışlamaq, hədiyyə vermək
çalmaq, talamaq, bağışlamaq
talamaq, çalmaq, oğurlamaq




← 17. Bədbin gənc       19. Qurbağaların yarışı →