l Çoxbilmiş. Mətn və suallar Azerbaycan dilində

Mətn 13. Çoxbilmiş

Bir nəfər üzünü qırxdırmaq üçün gəldiyi bərbərdə maraqlı söhbətə dalır. Elə söhbətin şirin yerində bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşır. Bərbər müştərinin qulağına əyilib pıçıldayır:
– Bu uşağı görürsən,dünyanın ən axmaq uşağıdır. İnanmırsan bax.
Bərbər bunu deyib uşağı yanına çağırır. Uşaq sakitcə bərbərxanaya girir. Üzündə axmaq bir təbəssüm var idi. Salamlaşdıqdan sonra bir tərəfdə dayanır. Bərbər bir əlində beşlik, bir əlində onluq ona yaxınlaşır və deyir:
– Hansını istəyirsənsə, götürə bilərsən.
Uşaq bir beşliyə, bir onluğa baxır, sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxır.
Bərbər üzünü müştərisinə tutub gülərək deyir:
– Gördün? Mən sənə demişdim axı...
Bir az sonra müştəri bərbərxanadan çıxarkən bir az irəlidə öz-özünə oynayan uşağı görür.
Yanına gedib niyə onluğu yox, beşliyi götürdüyünü soruşur. Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə cavab verir:
– Əgər onluğu götürsəm,onda oyun bitər!


Lüğət:
  • çoxbilmiş - очень умный
  • üzünü qırxmaq - бриться
  • söhbət - разговор
  • bərbər - парикмахер
  • bərbərxana - парикмахерская
  • gözü sataşmaq - случайно заметить
  • pıçıldamaq - шептать
  • müştəri - клиент
  • sakitcə - потихоньку
  • təbəssüm - улыбка
  • salamlaşmaq - здороваться
  • beşlik, onluq - пятёрка, десятка (о деньгах)
  • sürətlə - быстро
  • həqiqətən - действительно
  • bilərəkdən - нарочно

Müştəri nə üçün bərbərxanaya gedir?

Uşaq hansı pulu götürür?

Bərbər nə üçün uşağı axmaq adlandırır?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "gülümsəmə" sözünün SİNONİMİNİ tapın.

Hekayədə "sağollaşmaq" sözünün ANTONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Uşaq kağız pullardan birini götürür.
Bərbər uşağı içəri çağırır.
Uşaq səliqəli geyinmişdi.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Müştəri uşağa pul təklif edir.
Uşaq həqiqətən axmaqdır.
Uşaq onluğu özü bilərəkdən götürmür.

"Axmaq" sözünün SİNONİMLƏRİ hansı cərgədədir?

dəli, səfeh, ağılsız
ağıllı, dərrakəli, zəkalı
sarsaq, müdrik, gic




← 12. Balaca uşaq       14. Göyərçinlər →