Mətn 11. Filin nağılı

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
– Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım. Tərcüməçi özü də bunu görüb təəccüblənir və qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
– Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi yerindən qopara bilər. Amma o, taleyi ilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.


Lüğət:
  • fil - слон
  • qəbilə - племя
  • ip - нить
  • boğaz - шея
  • dirək - столб
  • tərcüməçi - переводчик
  • bağlamaq - привязать
  • sığallamaq - ласкать
  • dartmaq - тянуть
  • qoparmaq - оторвать
  • tale - судьба
  • çoxdan - давно

Turist fili harada görür?

Turisti nə təəccübləndirir?

Nə üçün filin illər əvvəl dirəyi qopartmağa gücü çatmırdı?

Hekayənin əsas ideyası nədir?

Hakayədə "zəif" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "qismət" sözünün SİNONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Qəbilə adamı fili ağaca bağlayır.
Turist özü qəbilə adamı ilə danışır.
Fil balaca olanda dirəyi qoparmağa çalışırdı.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Fil bağlandığı dirəkdən dəfələrlə kiçikdir.
Tərçüməçi qəbilə adamına fillə bağlı sual verir.
Fil inanır ki, o heç vaxt dirəyi qopara bilməyəcək.

"Bağlamaq" sözünün ANTONİMİ hansı sözdür?

Sıxmaq
Dartmaq
Açmaq




← 10. Ayaqqabılar       12. Balaca uşaq →