Xocalı soyqırımı

Öz tarixində dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı 1992-ci ilin fevralında Xocalıda növbəti faciə ilə üzləşdi. Bu zaman əsrin ən dəhşətli hadisələrindən biri baş verdi və ölkənin tarixinə qara hərflərlə yazıldı.

Xocalı abidəsi
Xocalı abidəsi

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı diqqət mərkəzində idi. Düşmən Xocalını işğal etməklə bir sıra məqsədlər güdürdü. Bu məqsədələrə strateji üstünlük qazanmaq, soyqırım vasitəsilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini qırmaq daxil idi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və yarımhərbi birləşmələr şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə buranı tərk etməyə çalışdı. Lakin insanların ümidi boşa çıxdı. Şəhəri tərk edənlər pusquya salındılar, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildilər, ya da əsir götürüldülər. Düşmən Xocalı soyqırımını törətməklə 613 nəfəri qətlə yetirdi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü. Yalnız çox az sayda insan Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildi.

Xocalı qurbanlarıXocalı qurbanları
Xocalı qurbanları

Xocalıda mülki əhalinin bilərəkdən, zorakılıqla qətlə yetirilməsini çoxsaylı faktlar sübut edir. Məsələn, həmin gün əhalinin xilas olmaq istəyən xeyli hissəsinin ərazidən çıxış yollarında əvvəlcədən hazırlanmış xüsusi pusqularda məhv edilməsi bunlardan biridir. Keçmiş Ermənistan prezidenti S.Sarkisyan Xocalı soyqırımını törədən qüvvələrə başçılıq edənlərdən, onları təşkilatlandıranlardan biri olub və soyqırımında bilavasitə iştirak edib. Onun Tomas de Vaalın “Qara bağ” kitabında verilən fikirləri erməniləri ifşa edir: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq”.

Xocalının düşmən tərəfindən işğal olunması zamanı böyük şücaət göstərərək şəhid olmuş bir sıra igid vətən oğulları Azərbaycanın Milli Qəhrəman fəxri adına layiq görülmüşlər. Bunların arasında Əlif Hacıyevin, Tofiq Hüseynovun, Aqil Quliyevin, Ələsgər Novruzovun adlarını çəkmək olar.

Əlif HacıyevTofiq Hüseynov
Əlif Hacıyev
Tofiq Hüseynov

Çingiz Mustafayev. Həvəskar jurnalistika ilə məşğul olan Çingiz Mustafayev Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlanan kimi öz karyerasını tam olaraq hərbi jurnalistika səhəsində davam etdirmişdir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynamışdır. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Çingiz Mustafayevin çəkdiyi videolentlərin rolu əvəzsizdir. O, Ermənistan qüvvələrinin amansız ataşlərinə baxmayaraq bu qətliamı sənədləşdirmək üçün helikopterlər və bir qrup jurnalist ilə birlikdə Xocalıya 2 dəfə səfər etməyə nail olmuşdur. O, qarla örtülmüş Xocalıda vəhşicəsinə qətlə yetirilmiş yüzlərlər cəsədi lentə ala bilmiş və dünya mətbuatında işıqlandırılmasına nail olmuşdur. Çingiz Mustafayev 1992-ci ildə hərbi əməliyyatların çəkilişi zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmiş və ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Çinqiz Mustafayev
Çinqiz Mustafayev




All comments: