Peşələr

Bütün peşələr gərəklidir. Peşələrə yiyələnən insanlar cəmiyyətə xidmət edirlər.

Biz gündəlik tələbatlarımızı ödəmək üçün, demək olar ki, hər gün alış-veriş edirik. Çoxlarımız gülərüz, xoşrəftar satıcıların işlədiyi mağazalara üz tuturuq. Saç düzümünü qaydaya salmaq istəyən hər kəs yaxşı usta axtarır. Əgər onun saçını düzəldən bərbər mehriban, xoşrəftar olarsa, bu, insana ikiqat sevinc verir.

İnsan hansı peşənin sahibi olursa olsun, ilk növbədə, öz sənətini dərindən öyrənməli, daim öz üzərində çalışmalıdır. İkinci şərt isə etik davranış normalarına əməl etməkdir. Dərzi də, bərbər də, həkim də, bənna da, avtomobil ustası da, bir sözlə, bütün peşə sahibləri peşəkar olmaqdan başqa, həm də etik davranış qaydalarına əməl etməlidirlər. İnsan peşəsində bacarıqlı, amma insanlarla rəftarında kobud, qaşqabaqlı və acıdil olarsa, çoxları onunla münasibət qurmaq istəməz. İnsan gərək öz peşəsini sevsin. Sevmədiyi işlə məşğul olmaq insanı tez yorur və əsəbi edir. Öz peşəsini sevənlər başqaları ilə ünsiyyətdə xoşrəftar olurlar. Belə insanlar cəmiyyətdə nüfuz qazanır, sayılıb-seçilirlər.

Mənbə: “Həyat bilgisi” dərsliyi, 6-cı sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. Bir sıra peşələr digərlərindən daha önəmlidir.

doğru yanlış

2. İstənilən peşədə birinci şərt etik davranış normalarına əməl etməkdir.

doğru yanlış

3. Bir çox insan kobud olmasına baxmayaraq peşəsində bacarıqlı olan şəxslərə rəğbət bəsləyir.

doğru yanlış

4. Sevmədiyi işlə məşğul olmaq insanları əsəbi edir.

doğru yanlış

5. Peşəsini sevən insanlar digərləri ilə mehriban olurlar.

doğru yanlış



← Davranış qaydaları       Jestlərlə ünsiyyət →