Hava və su

Hava tərkibində həyat üçün vacib oksigenin də olduğu bir neçə qazın qarışığıdır. Bu qarışıqda oksigenin miqdarı insan və digər canlılar üçün çox mühüm əhəmiyyət daşıyır. Təmiz hava sağlamlığın əsas şərtlərindən biridir. Hava çirklənəndə onun tərkibində zərərli qazların, tozun miqdarı artır. Belə hava ilə tənəffüs edən canlıların, o cümlədən insanın orqanizmində ziyanlı dəyişikliklər baş verir və müxtəlif xəstəliklər yaranır. İnsan öz təsərrüfat fəaliyyətində havaya zərərli maddələr atmaqda davam edərsə, yeni-yeni xəstəliklər yaranacaq və daha çox insan xəstələnəcək.

Su həyatın əsas amillərindən biridir. İnsan bədəninin çox hissəsi sudan təşkil olunmuşdur. Su olmasa, nəinki insan, ətrafımızda gördüyümüz bütün canlı aləm məhv olar. Suyun çirklənməsi də sağlamlığa mənfi təsir edir. Hazırda dünya ölkələrinin bir çoxunda içməli su problemə çevrilib. Avropanın bir çox inkişaf etmiş ölkələri içməli suyu başqa ölkələrdən alır. İçməli su müxtəlif nəqliyyat vasitələrilə uzaq ölkələrə daşınır. Bu gün də içməli su azalmaqda davam edir. İnsan su itkisinin qarşısını almasa, hansı fəlakətlərin baş verəcəyini təsəvvür etmək çətin deyil.

Mənbə: “Həyat bilgisi” dərsliyi, 6-cı sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. Sağlam qalmağın əsas şərtlərindən biri təmiz hava qəbul etməkdir.

doğru yanlış

2. Tərkibində tozun və zərərli qazların miqdarı çox olan hava çirkli hesab olunur.

doğru yanlış

3. İnsan bədənin böyük bir hissəsini oksigen təşkil edir.

doğru yanlış

4. Bir çox Avropa ölkələri içməli suyu özləri təmin edir.

doğru yanlış

5. İçməli su günü-gündən artmaqdadır.

doğru yanlış



← Torpaq       Avtomobillərin ətraf-mühitə təsiri →