Davranış qaydaları

Davranış qaydaları yalnız məktəblə bağlı deyil. Bu qaydalar olduğumuz hər yerdə necə davranmamızı müəyyən edir. Məsələn, küçədə əlindəki kağız parçasını, yaxud başqa əşyanı atmaq istəyən hər kəs yaxınlıqdakı zibil qutusuna yaxınlaşmalıdır. Zibil qutusu yoxdursa, atılacaq əşyanı cibində saxlayıb həyətdə, yaxud evdə zibil qabına atmalıdır. Küçədə yeriyərkən başqalarına toxunmaq olmaz. Təsadüfən toxunsan, üzr istəmək lazımdır.

Hər ailənin də öz qaydaları olur, ailə üzvləri bu qaydalara əməl edirlər. Məsələn, bir çox ailələrdə qəlyanaltı, nahar şam yeməklərinin müəyyən vaxtı olur. Həmin saatda ailə üzvləri hamılıqla süfrə ətrafına yığışır. Uşaqların müəyyən saatlarda yatması adət halını alır. Ailə üzvləri icazəsiz bir-birinin şəxsi əşyasına toxunmurlar.

Valideynlər, valideynlərlə övladlar, bacı-qardaşlar arasındakı münasibətlər insanın həyatında böyük rol oynayır. Münasibətləri mehribanlıq, qayğı üzərində qurulan ailədə mənəviyyatlı insanlar yetişir. Ailə qaydalarına əməl edən ailə üzvləri ictimai yerlərdə də qaydalara uyğun davranırlar.

Mənbə: “Həyat bilgisi” dərsliyi, 6-cı sinif

Mətnə əsasən sualları cavablandırın.

1. Davranış qaydalarını harada izləmək lazımdır?

A) Yalnız məktəbdə
B) Məktəb və ailədə
C) Hər yerdə

2. Əgər yaxınlıqda zibil qutusu yoxdursa, nə etmək lazımdır?

A) Zibili küçəyə atmaq
B) Zibili cibində saxlamaq
C) Zibili başqasının cibinə atmaq

3. Küçədə təsadüfən başqasına toxunanda nə etmək lazımdır?

A) Ötüb keçmək
B) Üzr istəmək
C) Gülümsəmək

4. Aşağıdakılardan hansı qaydaya ailədə əmək etmək lazımdır?

A) İcazəsiz şəxsi əşyalara toxunmaq
B) Müxtəlif saatlarda yemək
C) Birlikdə süfrə arxasında əyləşmək

5. Ailə üzvləri arasında münasibətlər necə olmalıdır?

A) Qayğıkeş
B) Düşmən
C) Laqeyd




← Hacı Zeynalabdin Tağıyev       Peşələr →